BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ dizel yanacağının ixracına qadağa tətbiq etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz heç vaxt bunu etməyə hazırlaşmamışıq”, - Tramp dizel ixracına mümkün qadağa ilə bağlı suala cavabında deyib.
ABŞ Prezidenti Avropa ölkələrinin dizel yanacağı ilə bağlı addımlarını da yüksək qiymətləndirib.
“Əslində, Avropa çox yaxşı hərəkət etdi, çünki onların dövriyyəsində böyük həcmdə dizel yanacağı var. Onların dizeli var. Onlar dizeldən əksər digər ölkələrlə müqayisədə dəfələrlə çox istifadə edirlər və çox yaxşı addım atdılar”, – Tramp bildirib.
Tramp dizel yanacağının ixracına qadağa qoyulması məsələsinin “heç vaxt nəzərdən keçirilmədiyini” iddia edib. Bununla belə, bundan əvvəl o, belə bir addımı nəzərdən keçirməyə hazır olduğunu açıqlamışdı. Son günlər ABŞ administrasiyasının dizel ixracına mümkün məhdudiyyətləri nəzərdən keçirməsi barədə də məlumatlar yayılmışdı.
Daha əvvəl Tramp Avropa ölkələrinin ehtiyatlarından əhəmiyyətli həcmdə dizel yanacağı buraxmağa razılaşdıqlarını açıqlayıb. G7 ölkələri enerji bazarındakı vəziyyət fonunda 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəliblər.