BAKI, 29 sentyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi xarici müdaxilənin qarşısını almaq məqsədilə süni intellekt və digər rəqəmsal imkanlardan istifadə etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqona noyabrda keçiriləcək Konqresə aralıq seçkilərinə mümkün xarici müdaxiləyə qarşı kəşfiyyat və kiberməkan imkanlarından istifadə etmək barədə göstəriş verib.

"Axios" portalının mənbələrinə görə, Heqsetin sərəncamında xarici müdaxiləni “müəyyən etmək, qarşısını almaq və zərərsizləşdirmək” üçün qabaqcıl kəşfiyyat və rəqəmsal imkanlardan istifadə olunması nəzərdə tutulur. Mənbələr bu təşəbbüs çərçivəsində süni intellekt texnologiyalarından da istifadə ediləcəyini bildiriblər.

Sərəncama əsasən, Pentaqon hərbi kəşfiyyat imkanlarından xarici təhdidlər barədə məlumatların toplanması və hazırlanması, həmçinin ABŞ seçkilərinə yönəlmiş mümkün kibertəhdidlərə qarşı tədbirlərin görülməsi üçün istifadə edəcək.

Bu istiqamətdə ABŞ Kiber Komandanlığı ilə Daxili Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

"Axios" yazır ki, sənəddə hərbçilərin seçki məntəqələrinə göndərilməsi nəzərdə tutulmur. ABŞ ordusunun seçki məntəqələrində istifadəsi ilə bağlı avqustun sonunda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Den Keyn də noyabr seçkiləri üçün belə bir planın olmadığını bildirmişdi.

ABŞ-də Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.