BAKI, 29 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana nüvə proqramı ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirməsi müqabilində sanksiyaların yumşaldılmasını və dondurulmuş aktivlərinin azad edilməsini təklif etməsi barədə yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında paylaşım edib.

ABŞ Prezidenti “Axios” nəşrinin bununla bağlı yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“Mən onlara heç nə təklif etməmişəm! Bu məlumat doğru deyil”, - Tramp vurğulayıb.

O, “Axios” nəşrini yalan məlumat yaymaqda ittiham edərək sözügedən məqalənin dərhal silinməsini tələb edib.

Qeyd edək ki, “Axios” ABŞ rəsmilərinə istinadən Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı konkret güzəştləri müqabilində sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri azad etməyə hazır olduğunu yazıb. Nəşrin məlumatına görə, Qətər və Pakistan vasitəçiləri tərəflər arasında razılaşmanın əldə olunması üçün diplomatik səylərini davam etdirirlər.