BAKI, 3 oktyabr. TELEQRAF
İsrail ordusu Suriyanın cənubundakı Əl-Qüneytra vilayətində yerləşən demilitarizasiya zonasını artilleriya atəşinə tutub.
Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, mərmilərin Əl-Mantara su anbarının ətrafındakı kənd ərazilərinə düşdüyü qeydə alınıb. Atəş nəticəsində yerli sakinlər arasında xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Günün ikinci yarısında İsrail ordusuna məxsus 12 hərbi texnikadan ibarət karvan Maariya yaşayış məntəqəsinə daxil olub. Burada radikal qruplaşmalarla əlaqəli silahlı şəxslərin və silah anbarlarının axtarılması məqsədilə bir neçə məhəllədə əməliyyat keçirilib.
Şahidlərin bildirdiyinə görə, axtarışlar zamanı iki gənc saxlanılıb.
Ümumilikdə, son sutka ərzində Suriyanın cənubunda İsrail qüvvələrinin azı beş dəfə əraziyə daxil olması qeydə alınıb. Cümə günü Breyqa, Cabata əl-Xaşab və Əl-Həmidiyyə yaşayış məntəqələrində yoxlamaların aparılması üçün əlavə hərbi nəzarət-buraxılış məntəqələri yaradılıb. Bu isə yerli əhalinin etiraz aksiyalarına səbəb olub.
Qeyd edək ki, sentyabrın 23-də Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa İsraildən 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra nəzarətə götürdüyü bütün Suriya ərazilərindən qüvvələrini çıxarmağı tələb edib.
Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib ki, 1967-ci ildə ələ keçirilməsinə baxmayaraq, Qolan təpələri Suriya ərazisi olaraq qalacaq.