BAKI, 3 oktyabr. TELEQRAF
Oman sahilləri yaxınlığında neft daşıyan tanker hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, naməlum mərmi Oman sahillərindən dörd dəniz mili şərqdə hərəkət edən neft tankerinə tuş gəlib.
UKMTO-nun məlumatına görə, gəminin ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir.
Hadisə nəticəsində ətraf mühitə hər hansı zərərin dəyməsi qeydə alınmayıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi və tankerin adı barədə məlumat verilməyib.