BAKI, 1 oktyabr. TELEQRAF

BMT Baş Assambleyasının sessiyası üçün ABŞ-yə səfər edən İran nümayəndə heyəti əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq Nyu-Yorku tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios”un yaydığı məlumata cavab olaraq İranın BMT-dəki Daimi Nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

“İran nümayəndə heyəti bazar ertəsi axşam, əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq Nyu-Yorkdan yola düşüb. Bu qrafik sentyabrın 17-də ABŞ Dövlət Departamentinə də əvvəlcədən bildirilib. Heç nəyə nail ola bilməyən Dövlət Departamenti əsassız xəbərlər yaymağa əl atıb”, - bəyanatda qeyd olunub.

“Axios” bundan əvvəl ABŞ rəsmilərinə istinadla yazmışdı ki, danışıqlar dalana dirəndikdən sonra ABŞ dövlət katibi Marko Rubio İran nümayəndə heyətindən ölkəni dərhal tərk etməsini tələb edib. Portalın məlumatına görə, bu addım son dərəcə qeyri-adi diplomatik demarş olub və müharibənin dayandırılması barədə razılığa gəlmək üçün nəticəsiz cəhdlər fonunda iki ölkə arasında dərin inamsızlığı üzə çıxarıb.

Nəşr vurğulamışdı ki, Nyu-Yorku tərk etməsi əmr edilənlər arasında İran xarici işlər naziri Abbas Əraqçi də olub: “Dövlət katibi Rubio qonaqpərvərlikdən sui-istifadə edən İran nümayəndə heyətini qovdu. BMT Baş Assambleyası başa çatıb, buna görə də onların getmələrinin vaxtı idi”.

Bir neçə saat sonra Abbas Əraqçi də daxil olmaqla İran nümayəndə heyəti Dohaya uçub. Başqa bir mənbə də ABŞ-nin iranlılardan ölkəni tərk etmələrini tələb etdiyini təsdiqləsə də əlavə edib ki, Əraqçi bütün hallarda bazar ertəsi axşam Tehrana qayıtmağı planlaşdırıb.