BAKI, 3 oktyabr. TELEQRAF
Şimali Koreyanın Şərq dənizi istiqamətində ballistik raket buraxdığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə “Chosun Ilbo” qəzeti Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
“Oktyabrın 3-də təxminən saat 06:30-da Şimali Koreyanın Vonsan bölgəsindən Şərq dənizi istiqamətində buraxılmış ballistik raket aşkarlamışıq”, – komitənin açıqlamasında bildirilib.
Nəşrin məlumatına görə, Cənubi Koreya hadisə ilə bağlı ABŞ və Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir.
Bundan əvvəl “Yonhap” agentliyi Şimali Koreyanın Şərq dənizi istiqamətində naməlum mərmi buraxdığını xəbər vermişdi.
Yaponiya Müdafiə Nazirliyi də buraxılan mərminin ballistik raket ola biləcəyini bildirərək dənizçilərə onun mümkün qalıqlarına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Seulun qiymətləndirməsinə görə, Pxenyan bundan əvvəl oxşar raket buraxılışını sentyabrın 20-də həyata keçirib.