BAKI, 3 oktyabr. TELEQRAF

Rusiya lideri Vladimir Putinin Ukraynanın dövlətçiliyini itirməsi ilə bağlı sözləri onun müharibə ilə əslində nəyə nail olmaq istədiyini nümayiş etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski Helsinki Təhlükəsizlik Forumunda bildirib.

"Rusiya liderinin bu cür açıqlamalarının qarşısının alınmaması dünyanın zəifliyini göstərir. Niyə zəiflik? 2005-ci ildə Kreml lideri 20-ci əsrin ən böyük faciəsinin Sovet İttifaqının dağılması olduğunu demişdi. Sonra o, əsas məqsədlərini həyata keçirmək üçün hərəkətə keçdi" - Zelenski bildirib.

Zelenski əlavə edib ki, Putin Birinci Dünya Müharibəsindən bəhs etməyib, İkinci Dünya Müharibəsini tanımayıb və Çernobıl hadisəsini ən böyük faciə adlandırmayıb.

"Onun məqsədi aydındır - Sovet İttifaqını geri qaytarmaq. Onun məqsədi Şərqi Ukrayna, Donbas deyil, onun məqsədi bütün dövlətimizin işğalıdır", - deyə prezident vurğulayıb.

Zelenski bildirib ki, Putinin Ukraynanın dövlətçiliyini itirməsi ilə bağlı açıqlaması onun əslində nə istədiyini və müharibənin sonunu necə gördüyünü nümayiş etdirir.

Qeyd edək ki, oktyabrın 1-də Putin Ukraynanın dövlətçiliyini itirdiyini deyib: "Ukrayna müstəqil şəkildə mövcud ola bilməz, kənardan idarə olunur və dövlətçiliyini itirir".