BAKI, 1 oktyabr. TELEQRAF

ABŞ hökuməti Silahlı Qüvvələrdə general və admiralların sayını 20 faiz azaltmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Silahlı Qüvvələrin bütün qoşun növlərində general və admiralların artıq 10 faizi vəzifəsindən azad edilib. Bundan əlavə, general heyətinə aid vəzifələrin daha 10 faizinin ləğvi nəzərdə tutulur.

"Beləliklə, bütün səviyyələrdə ixtisar 20 faizə çatmalıdır. Media bunu təmizləmə adlandırır, mən isə çoxdan həyata keçirilməli olan hesabatlılıq tədbiri hesab edirəm", – Heqset vurğulayıb.

Pentaqon rəhbəri nazirliyin fəaliyyət prinsiplərini kökündən dəyişdirmək barədə verdiyi vədi yerinə yetirdiyini bildirib. O, ABŞ ordusunda kadr siyasətinin və hərbi standartların yenidən nəzərdən keçirildiyini qeyd edib.

Heqset həmçinin orduda fiziki hazırlıq və şəxsi heyətlə bağlı tələblərin sərtləşdirildiyini bildirib. O, çıxışında transgender hərbçiləri və müxtəliflik proqramlarını tənqid edib.

Qeyd edək ki, ixtisarların 2027-ci il yanvarın 1-dək başa çatdırılması nəzərdə tutulur.