BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ-nin Tennessi ştatında uğursuz edam cəhdindən sağ çıxan Krista Paykın vəziyyəti kritik qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə “The Tennessean” qəzeti məhkumun vəkillərinə istinadən məlumat yayıb.

Vəkillərin sözlərinə görə, Krista Payk edamın icra olunduğu həbsxananın yaxınlığındakı xəstəxanada tibbi yardım alır.

“Krista hazırda sağdır. Proqnozla bağlı heç bir məlumatımız yoxdur, lakin onun sağ olduğunu və tibbi yardım aldığını bilirik”, – deyə vəkil Rendi Spayvi bildirib.

Sentyabrın 30-da Neşvildəki həbsxanada Payka ölümcül inyeksiyanın iki dozası vurulub. Lakin qadın ölməyib. Edamın icrası zamanı problemlər yaranıb və tibb işçiləri yeddi iynədən istifadə edib.

Məhkumun vəkilləri daha əvvəl onun trombositoz xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Bu xəstəlik zamanı preparatın yeridilməsi qan laxtalarının yaranmasına və əlavə əziyyətlərə səbəb ola bilər.

Payk Tennessi ştatında 200 ildən çox müddətdə edam edilən ilk qadın məhbus olmalı idi. Uğursuz edam cəhdindən sonra ştatın qubernatoru Bill Li araşdırma aparılması barədə göstəriş verib və 2026-cı ildə keçirilməsi planlaşdırılan daha bir edamı təxirə salıb.

Krista Payk 1995-ci ildə cinayəti törədərkən 18 yaşında olub. O və cinayət ortağı 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli biliniblər. İstintaqın versiyasına görə, Payk Slemmerin sevgilisinə maraq göstərdiyindən şübhələnib və onu tənha əraziyə apararaq cinayət ortağı ilə birlikdə işgəncələrə məruz qoyub və öldürüb.

Cinayət qurbanın bədəninə satanist simvolun həkk edilməsi də daxil olmaqla, hadisənin xüsusi amansızlığı ilə böyük rezonans doğurub.

“ABC News” telekanalının məlumatına görə, ABŞ-də qadın məhbusların edamı nadir hallarda həyata keçirilir. 1976-cı ildən bəri ölkədə 18 qadın barəsində ölüm hökmü icra olunub ki, bu da bütün edamların təxminən 1 faizini təşkil edir.