BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilərində Demokratlar Partiyasının Konqresdə qələbə qazanmasının ölkədə ciddi maliyyə böhranına səbəb ola biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Texas ştatında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Demokratlar hakimiyyətə gəlsələr, bizi maliyyə depressiyası gözləyir. Bu, indiyədək görmədiyimiz bir depressiya olacaq. Mənim fikrimcə, bu, 1929-cu ildəki kimi olacaq. Onlar son dərəcə səriştəsizdirlər. Nə etdikləri barədə heç bir təsəvvürləri yoxdur”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Böyük Depressiya 1929-cu il oktyabrın 24-də ABŞ-da fond bazarının çökməsi ilə başlayan və 1939-cu ilə qədər davam edən qlobal iqtisadi böhran olub. Böhrandan xüsusilə sənaye şəhərləri ciddi zərər çəkib, tikinti kəskin şəkildə azalıb, kənd təsərrüfatı məhsullarının qiymətləri aşağı düşüb. ABŞ-da işsizlik 14 milyon nəfərə çatıb.