BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ-nin Texas ştatının Dallas şəhərində Prezident Donald Trampa qarşı etiraz aksiyası keçirilib.
Teleqraf xəbər verir ki, aksiya şəhər meriyasının qarşısında təşkil olunub.
“We, the People: Rally for Democracy” (“Biz, xalq: Demokratiya naminə mitinq”) adlı aksiyada bir neçə yüz nəfər iştirak edib. Nümayişi Texasda fəaliyyət göstərən ondan çox hüquq müdafiə, ictimai və həmkarlar ittifaqı təşkilatının daxil olduğu koalisiya təşkil edib.
Etirazçılar seçki hüquqlarının, sosial dəstək proqramlarının və miqrant icmalarının müdafiəsini tələb edən plakatlar qaldırıblar. Aksiya iştirakçıları Trampı və onun miqrasiya siyasətini tənqid ediblər.
Təşkilatçılar bildiriblər ki, Respublikaçılar Partiyasının qurultayının keçirildiyi “American Airlines Center” arenası əvəzinə meriya qarşısındakı meydanın seçilməsi mümkün qarşıdurmaların qarşısını almaq məqsədi daşıyıb.
Aksiya ciddi insident olmadan başa çatıb. Ərazidə polis qüvvələri növbə çəkib.