BAKI, 11 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançılarının hücumlarından sonra ehtiyat tədbiri olaraq Şərq-Qərb boru kəmərinin bağlandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Ər-Riyad-Mədinə bölgəsindəki Şərq-Qərb boru kəməri 10 sentyabrda hücumlara məruz qalıb.
Hücumlar nəticəsində xəsarət alanların olduğu və boru kəmərinin ehtiyat tədbiri olaraq bağlandığı qeyd edilib.
Məlumata görə, hücumlardan sonra təcili yardım və ekspert texniki qrupları xəttin təhlükəsizliyini təmin etmək üçün lazımi işlərə başlayıblar.
Husilərin hərbi sözçüsü Yəhya Seri daha əvvəl Səudiyyə Ərəbistanının bölgədəki gəmilərinə hücum edəcəklərini bəyan edib. O, Səudiyyə Ərəbistanının 32 döyüş təyyarəsinin hədəf alındığını, onlardan 9-un vurulduğunu bildirib.