BAKI, 12 sentyabr. TELEQRAF

Britaniya ordusu müasir döyüş şəraitində atlardan istifadənin effektivliyini yoxlayır.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Nəşr İngiltərənin cənubundakı Hempşir qraflığında yerləşən Lonqmur təlim poliqonunda keçirilən illik yay təlimlərindən fotolar dərc edib. Kadrlarda Kral Atlı Qvardiyasının hərbçilərinin kamuflyaj örtüklü atlarla hərəkət etdiyi görünür.

Britaniya Müdafiə Nazirliyi belə təlimlərin keçirildiyini təsdiqləyib.

Qurumun nümayəndəsi bildirib ki, hərbçilər at belində kəşfiyyat aparılması, çətin relyefdə hərəkət, maskalanma, təchizatın təmin olunması və atlara qulluq imkanlarını öyrənirlər.

Nazirlik qeyd edib ki, bu təcrübədə hərbi əməliyyatlar zamanı atlardan istifadəni davam etdirən müttəfiq ölkələrin təcrübəsi də nəzərə alınır.