BAKI, 12 sentyabr. TELEQRAF

Suriyanın Hələb vilayətinin Ayn əl-Ərəb (Kobani) şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə kürdlər arasında toqquşma baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Watan” qəzeti məlumat yayıb.

Məlumata görə, qarşıdurma nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

İğtişaşlara kürd gənc Sami Hassonun öldürülməsi səbəb olub. Bundan sonra bir qrup gənc şəhərin mərkəzində daxili təhlükəsizlik qüvvələrinin patrul avtomobillərinə hücum edib.

Türkiyə sərhədi yaxınlığında, Fərat çayının şərq sahilində yerləşən Ayn əl-Ərəbdəki bu hadisə “Suriya Demokratik Qüvvələri”nin (SDQ) buraxılmasından sonra qeydə alınan ilk belə insidentdir.