BAKI, 12 sentyabr. TELEQRAF

"OpenAI" şirkətinin süni intellekt (Sİ) əsasında hazırladığı eksperimental agentlərin proqramçılar arasında populyar olan "RubyGems" platformasına kiberhücumda iştirak etdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə may ayında baş verib. Süni intellekt tədqiqatçıları müəyyən ediblər ki, "OpenAI" agentləri hər iki-üç dəqiqədən bir "RubyGems"də yeni hesablar yaradaraq yüzlərlə fayl yükləyiblər. Platformanın təhlükəsizlik komandası həmin faylları spam kimi qiymətləndirib.

Nəticədə "RubyGems" dörd gün ərzində yeni istifadəçi hesablarının qeydiyyatını dayandırmağa məcbur olub.

"OpenAI" nümayəndəsi WSJ-yə bildirib ki, şirkət hadisəni araşdırıb. İlkin nəticələrə görə, agentlər “zərərsiz tapşırıqları yerinə yetirmək və açıq mənbələrdən məlumat toplamaq üçün internetə çıxış əldə etmək məqsədilə "RubyGems" platformasından istifadə ediblər”.

Şirkət hadisə ilə bağlı araşdırmanın davam etdiriləcəyini açıqlayıb.