BAKI, 11 sentyabr. TELEQRAF

ABŞ-də dizel yanacağının orta qiyməti tarixdə ilk dəfə bir qallon üçün 6 dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə yanacağın qiymət dinamikasını izləyən “GasBuddy” xidməti məlumat yayıb.

Bildirilib ki, bir qallonun 3,79 litrə bərabər olduğu nəzərə alınarsa, dizelin orta qiyməti hazırda litr üçün təxminən 1,58 dollar təşkil edir.

Bir il əvvəl ABŞ-də bir qallon dizelin orta qiyməti təxminən 3,70 dollar olub. Beləliklə, son bir ildə qiymət 2,30 dollar artıb.

“GasBuddy”nin neft bazarının təhlili şöbəsinin rəhbəri Patrik De Haan bildirib ki, dizelin rekord qiyməti ABŞ-də yükdaşımaların və çatdırılmaların maya dəyərinə təsir göstərə, həmçinin inflyasiyanı sürətləndirə bilər.

Onun sözlərinə görə, geosiyasi gərginliyin davam etməsi fonunda dizelin bahalaşması davam edə və amerikalıları daha bahalı bayram mövsümü ilə üz-üzə qoya bilər.