BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, bütün yetkin amerikalılara 5 min dollar ödənilməsi üçün administrasiyasının Konqresdən ayrıca icazə almasına ehtiyac yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Tramp müsahibəsində bildirib ki, respublikaçılar aralıq seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluğu qoruyacağı təqdirdə bu ödəniş həyata keçirilə bilər.
“Düşünürük ki, buna ehtiyac yoxdur. Əgər lazım olsa, onlar bunu edəcəklər. Amma hesab edirik ki, buna ehtiyac qalmayacaq”, - ABŞ prezidenti deyib.
Donald Tramp sentyabrın 10-da Texas ştatının Dallas şəhərində Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı bütün yetkin amerikalılara 5 min dollar veriləcəyini vəd edib. Onun sözlərinə görə, bu vəsait yalnız ABŞ daxilində xərclənməlidir və proqram “Tramp dividendləri” adlanacaq.
ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.