BAKI, 12 sentyabr. TELEQRAF

İsrail və Livan nümayəndə heyətləri arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan növbəti danışıqlar raundu oktyabr ayına təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıqların əvəzinə İsrail və Livanın səfirləri Vaşinqtonda ABŞ Dövlət Departamentində görüşərək son hadisələri və iki ölkə arasında imzalanmış çərçivə sazişinin icrasını müzakirə edəcəklər.

Rəsmi danışıqların növbəti raundunun isə oktyabrda Romada keçirilməsi nəzərdə tutulur.

“Axios”un məlumatına görə, təxirəsalmanın səbəbi tərəflərin digər tədbirlərə, o cümlədən BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə hazırlığıdır.

Daha əvvəl İsrail və Livanın münaqişənin sülh yolu ilə nizamlanmasına həsr olunmuş səkkizinci danışıqlar raundunu sentyabrın 15-16-da keçirməyi planlaşdırdığı bildirilmişdi.