BAKI, 12 sentyabr. TELEQRAF

Rusiyanın Avropa ölkələri ilə münaqişəyə girməsi üçün heç bir əsas yoxdur.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

“Biz Avropa ölkələrini təhdid etmirik və təhdid etmək niyyətində də deyilik. Nə üçün etməliyik? Heç kim düşünmür ki, bizim Avropa ilə hər hansı münaqişə üçün əsasımız yoxdur. Bütün məsələlər İkinci Dünya müharibəsinin nəticələrinə əsasən həll olunub”, – Putin deyib.

Rusiya liderinin sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra baş verən proseslər SSRİ-nin hüquqi varisi kimi Rusiya Federasiyasının razılığı ilə həyata keçirilib.

Putin bildirib ki, həmin razılaşmalara zidd olan addımlar Rusiyanın maraqlarına, beynəlxalq hüququn əsas prinsiplərinə və BMT Nizamnaməsinə uyğun deyil.

“Onlar hansı dəyişiklikləri istəyirlər? İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxmaq istəyirlər?” – Rusiya Prezidenti vurğulayıb.

Putin həmçinin Avropa elitalarını öz xalqlarını Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edib.