BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaq qərarına görə peşman olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.
“Xeyr. Mən ‘peşmanlıq’ sözünə inanmıram. Əgər bunu yenidən etməli olsaydım, eyni cür hərəkət edərdim”, - ABŞ prezidenti İrana zərbələrin başlanması ilə bağlı suala cavabında bildirib.
Daha əvvəl “The Wall Street Journal” mənbələrinə istinadən ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərinin İranla münaqişənin Trampın prezidentlik müddəti başa çatanadək yekunlaşmaya biləcəyini istisna etmədiklərini yazıb.
Nəşrin məlumatına görə, Tramp müşavirləri ilə qapalı müzakirələrdə münaqişəni tezliklə başa çatdırmaq istədiyini bildirir. Bununla yanaşı, o, İrana qarşı dəniz blokadası və sanksiyalar da daxil olmaqla uzunmüddətli iqtisadi təzyiq siyasətini dəstəkləyir.