BAKI, 11 sentyabr. TELEQRAF

ABŞ vitse-prezidenti Cey Di Vens amerikalıları noyabrda keçiriləcək Konqresə aralıq seçkilərdə respublikaçılara səs verməyə çağırıb.

Teleqraf xəbər verir ki, Vens bunu Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı deyib.

“Bəzi siyasi qərarlarımızla razılaşmadığınız üçün ölkəni bir dəstə dəliyə təslim etməyin. Mən sizin mənimlə hər məsələdə razılaşmağınızı istəmirəm. Sadəcə respublikaçılarla radikallar arasındakı fərqi və administrasiyanın son 18 ayda əldə etdiyi nailiyyətləri görməyinizi istəyirəm”, – Vens bildirib.

Vitse-prezident qeyd edib ki, respublikaçılar ötən dövrdə çox iş görüblər və birlikdə mübarizə aparacaqları təqdirdə daha böyük nəticələr əldə edə bilərlər.

Vens çıxışında 2025-ci ilin sentyabrında öldürülən mühafizəkar fəal Çarli Kirki də xatırladıb. Onun sözlərinə görə, Kirk Avropa, Afrika və ya Yaxın Şərqdə aparılmasından asılı olmayaraq bütün müharibələrə qarşı olub.

Vens bununla respublikaçılar arasında ABŞ-nin İrana qarşı hərbi əməliyyatına fərqli yanaşmaların olduğunu etiraf edib və seçkilər ərəfəsində partiya tərəfdarlarını birliyə çağırıb.