BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampa qarşı kəşfiyyat icması üzvlərinin mümkün sövdələşməsini araşdıran amerikalı hüquqşünas Cozef DiCenova istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Trampın yaxın müttəfiqlərindən biri hesab edilən DiCenova istefasının səbəblərini açıqlamayıb.
“Prezidentə və Ədliyyə Nazirliyinə xidmət etmək mənim üçün şərəf və imtiyaz idi”, – o bildirib.
CNN-in mənbələrinə görə, istefaya DiCenova ilə Ədliyyə Nazirliyinin rəhbərliyi arasında araşdırmanın aparılma tempi ilə bağlı fikir ayrılıqları səbəb ola bilər.
Daha əvvəl “Associated Press” ABŞ Ədliyyə Nazirliyinin sözügedən araşdırma çərçivəsində bir neçə keçmiş amerikalı məmurun Florida ştatında böyük jüri qarşısında ifadə verməsini tələb etdiyini bildirmişdi.
Təxminən bir ildir davam edən araşdırmanın istiqamətlərindən biri Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı kəşfiyyat iddialarını və Amerika hökumətinin həmin məlumatlara reaksiyasını əhatə edir.