BAKI, 7 avqust. TELEQRAF

ABŞ Kiber Komandanlığı 2026-cı ilin yayında əməkdaşları arasında baş verən bir sıra intihar hadisələrinin səbəblərini araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun əvvəlindən iyulun ilk günlərinədək Kiber Komandanlıqda çalışan və ya onunla sıx əməkdaşlıq edən azı beş nəfər intihar edib.

Agentliyin məlumatına əsasən, son bir ildə xarici münaqişələr, o cümlədən İrana qarşı hərbi əməliyyat səbəbindən qurumun əməkdaşlarının üzərinə düşən iş yükü əhəmiyyətli dərəcədə artıb. Bu isə rəsmilər arasında kiberqoşunların şəxsi heyətinin psixoloji vəziyyəti ilə bağlı narahatlığı gücləndirib.

Bildirilir ki, 2010-cu ildə yaradılan ABŞ Kiber Komandanlığı fəaliyyət göstərdiyi dövr ərzində əsas vəzifələr üzrə mütəxəssis çatışmazlığı problemi ilə üzləşib.