BAKI, 7 avqust. TELEQRAF

“Qarabağ”a daha çox qol vura bilərdik, təəssüf ki, yaratdığımız imkanlardan yararlana bilmədik”.

Teleqraf xəbər verir ki, bu sözləri Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra deyib.

Ukraynalı mütəxəssis komandasının qələbəni xarakter hesabına qazandığını bildirib:

“Xarakter sayəsində. Bu gün meydanda əsl komandanın olması sayəsində. Nəticəni də məhz bu gətirdi”.

Kostyuk komandanın hələ formalaşma mərhələsində olduğunu da vurğulayıb:

“Hələ Valeri Lobanovski deyirdi ki, komanda təxminən iki ilə formalaşır. Mən indi özümdən yox, hamıya məlum olan bir prinsipdən danışıram. Bir çox oyunçu icarədən bizə qayıdıb, yeni kombinasiyalar axtarırıq və fərqli oyun variantları üzərində işləyirik.

Gördüyünüz kimi, bu gün kiçik bir rotasiya etdik və hazırladığımız oyun planı işə yaradı. Əvəzetmələrin köməyi ilə oyunu gücləndirmək və keyfiyyətini artırmaq istədik. Qol imkanları yaratdıq, topu qazandıqdan sonra təzyiqin öhdəsindən yaxşı gəldik, topu itirdikdən sonra oyunu uğurla bərpa etdik. Əks-təzyiqdən istifadə etdik. “Qarabağ”a daha çox qol vura bilərdik, amma təəssüf ki, fürsətlərimizdən yararlana bilmədik”.

Baş məşqçi üç gün sonra Ukrayna Premyer Liqasının ilk turunda “Veres”lə keçirəcəkləri oyunun Bakıda baş tutacaq cavab görüşünə hazırlıq baxımından faydalı olacağını söyləyib:

“Bizim kifayət qədər geniş heyətimiz var. Bu gün oyunçular çox çətin bir matç oynadılar. Eyni zamanda oyuna münasibətin necə olmalı olduğunu və qalib gəlmək üçün nəyin lazım gəldiyini dərk etməlidirlər. Bu, müsbət məqamdır. Düşünürəm ki, irəliləməyə və qalib gəlməyə davam edəcəyik”.

Qeyd edək ki, Polşada keçirilən ilk oyun Kiyev “Dinamo”sunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.