BAKI, 5 avqust. TELEQRAF
İŞİD terror təşkilatından qaynaqlanan təhlükəyə qarşı mübarizə beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsini tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında baş katibin terrorla mübarizə məsələləri üzrə müavininin ofisinin rəhbəri Oqulceren Niyazberdıyeva bildirib.
“İŞİD-dən qaynaqlanan təhlükə inkişaf etməyə davam edəcək. Bizim kollektiv cavabımız da bu təhlükə ilə paralel şəkildə inkişaf etməlidir. İŞİD-lə mübarizədə əldə olunan nailiyyətlərin qorunması davamlı profilaktik tədbirlər, gücləndirilmiş beynəlxalq və regional əməkdaşlıq, eləcə də beynəlxalq hüquqa əsaslanan hərtərəfli yanaşma tələb edir”, - o bildirib.
Niyazberdıyeva əlavə edib ki, BMT ölkələrə Qlobal Terrorla Mübarizə Strategiyasının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsində dəstəyini davam etdirəcək.