BAKI, 3 avqust. TELEQRAF
ABŞ ordusundan İrana təzyiq və onu cəzalandırmaq üçün kreativ (yaradıcı) və qeyri-ənənəvi təkliflər verməsi tələb olunub.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
“Alternativ ideyalara ehtiyacımız var. İrana təzyiq göstərmək və onu cəzalandırmaq üçün yeni, yaradıcı və qeyri-ənənəvi üsullar axtarırıq”, - ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) kəşfiyyat bölməsinin zabiti deyib.
Digər mənbənin sözlərinə görə, ötən həftə də ABŞ hərbçilərindən İranla bağlı fəaliyyət üçün yeni yanaşmalar və təkliflər vermələri tələb edilib.
Hərbi rəsmilər bildiriblər ki, bu qeyri-adi sorğu ABŞ Prezidenti Donald Trampın İranı Vaşinqtonun şərtləri ilə razılaşmaya məcbur etmək üçün istifadə edə biləcəyi variantların məhdud və potensial olaraq qəbuledilməz olduğunu göstərən əlamətlərdən biridir. Məhz buna görə alternativ yollar tapmaq ümidi ilə CENTCOM daha yaxşı ideyaların olub-olmadığını öyrənməyə çalışır.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl ABŞ və İranın avqustun 3-də danışıqlara başlayacağını açıqlamışdı. ABŞ Prezidenti İrana qarşı hazırlanmış güclü zərbə kampaniyasının ləğv edildiyini də bəyan etmişdi.