BAKI, 7 avqust. TELEQRAF
Argentinanın paytaxtı Buenos-Ayresdə torpaqların xarici vətəndaşlara satışı ilə bağlı qanun layihəsinə etiraz aksiyası zamanı polis və nümayişçilər arasında toqquşmalar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "La Nación" qəzeti məlumat yayıb.
Məlumata görə, Konqres binası qarşısında keçirilən aksiya zamanı azı 10 nəfər saxlanılıb. Minlərlə insan "Şəxsi mülkiyyətin toxunulmazlığı haqqında" qanun layihəsinin müzakirəsinə etiraz etmək üçün meydana toplaşıb.
Bir neçə saat sonra etirazçılarla polis arasında qarşıdurma yaranıb. Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə butulkalar atıblar. Polis isə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edib.
Nəticədə azı üç polis əməkdaşı baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin iki jurnalistin də, o cümlədən rezin güllələrdən yaralandığı bildirilib.
Etirazlara səbəb Konqresdə müzakirə olunan qanun layihəsində xarici vətəndaşların torpaq əldə etməsinə qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı müddəa olub. Hazırda Argentinada xarici şəxslərin ölkə ərazisinin 15 faizindən çoxuna sahib olmasına icazə verilmir. Hökumət Senatda keçiriləcək səsvermə ərəfəsində mübahisələrə səbəb olan və bu həddi 25 faizə qaldırmağı nəzərdə tutan bəndi qanun layihəsindən çıxarıb.