BAKI, 7 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin sursat ehtiyatlarının tükənməsi ilə bağlı məlumatların mediaya sızdırılmasına sərt reaksiya verib.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp hesab edir ki, bu cür məlumatların yayılması onun İrana yeni zərbələr endirəcəyi ilə bağlı xəbərdarlıqlar etdiyi bir vaxtda ABŞ-nin zəif görünməsi təəssüratı yaradır.

Bildirilir ki, ABŞ Prezidenti sursat ehtiyatları ilə bağlı mümkün problemlərdən məlumatlıdır. Lakin onun narazılığı bu məlumatların Tehranla qarşıdurmanın həlledici mərhələsində ictimaiyyətə sızdırılması ilə bağlıdır.

Bundan əvvəl "The Washington Post" qəzeti administrasiyadakı mənbələrə istinadən yazmışdı ki, Tramp İranla müharibə zamanı azalan silah ehtiyatları ilə bağlı Pentaqon rəhbəri Pit Heqsetin onu yanlış məlumatlandırdığını düşünür.

Tramp daha sonra mediaya açıqlamasında bu məlumatları mətbuata ötürən şəxslərin artıq axtarıldığını və onların həbs cəzası ilə üzləşə biləcəyini bildirib. ABŞ Prezidenti, eyni zamanda, The Washington Post qəzetinin Pit Heqsetdən narazı olması barədə yaydığı məlumatı təkzib edib.