BAKI, 6 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı tükənən silah ehtiyatları ilə bağlı Pentaqonun rəhbəri Pit Heqsetin onu yanıltdığını hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp iyulun 31-də Merilend ştatındakı Kemp-Devid iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra Heqsetdən ABŞ-nin kritik sursat çatışmazlığı ilə bağlı niyə tam məlumatlandırılmadığını izah etməsini tələb edib.

Mənbələrin iddiasına görə, Tramp hesab edib ki, sursat məsələsi artıq həll olunub və buna görə də müdafiə nazirinə etirazını sərt şəkildə ifadə edib.

Qəzet bildirir ki, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatışmazlığı Trampın İrana qarşı əlavə genişmiqyaslı zərbələrdən imtina etməsinin əsas səbəblərindən biri olub.

WP-nin məlumatına görə, ABŞ İranla müharibənin ilk həftələrində 850-dən çox "Tomahawk" qanadlı raketi, həmçinin THAAD və "Patriot" sistemləri üçün 1000-dən artıq raketdən istifadə edib. Bildirilir ki, ATACMS operativ-taktiki raketlərinin ehtiyatı da demək olar ki, tükənib.

Nəşr vurğulayır ki, ABŞ-nin bu silah ehtiyatlarının azalması təkcə Yaxın Şərqdə deyil, Ukraynada da vəziyyətə təsir göstərir. Belə ki, Ukraynanın hava hücumundan müdafiə vasitələrinin ehtiyatları azalıb və Qərb ölkələrinin mövcud ehtiyatlarından onları bərpa etmək imkanları məhduddur.

Məqalədə qeyd olunur ki, Trampla Heqset arasında yaşanan mübahisə prezidentin müdafiə nazirindən narazılığının artdığını göstərir. Mənbələrin iddiasına görə, Heqset isə sursat çatışmazlığı və bu barədə Trampın tam məlumatlandırılmamasına görə məsuliyyəti müavini Stiven Faynberqin üzərinə qoyub.

Bununla yanaşı, Ağ Evin mətbuat katibi Kerolayn Livitt və Pentaqonun sözçüsü Şon Parnell qəzetin mənbələrinin irəli sürdüyü məlumatları həqiqətə uyğun olmayan iddialar kimi qiymətləndiriblər.