BAKI, 7 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hazırkı vitse-prezident Cey Di Vensin 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsini hələlik açıq şəkildə dəstəkləməyə hazır olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, "The Washington Post" qəzetində dərc olunan və guya Respublikaçılar Partiyasının donorları ilə qapalı görüşdə Vensi prezidentliyə namizəd görmək istədiyini dediyi barədə xəbərləri təkzib edib.

"Xeyr. Bu barədə mən də bu yaxınlarda eşitdim. Düşünürəm ki, o, əla namizəddir, amma bunu düşünmək üçün hələ çox tezdir", - deyə Tramp bildirib.

ABŞ Prezidenti həmçinin səlahiyyət müddətinin başa çatması ilə bağlı suala cavabında bunun hələ uzaqda olduğunu söyləyib.

"Bu, hələ kifayət qədər uzaqda da ola bilər. Kim bilir. Amma yaxın da ola bilər. Deyirlər ki, qarşıda daha iki il yarım var. Görəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Konstitusiyasına əsasən Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. Bununla belə, o, bundan əvvəl bir neçə dəfə üçüncü dəfə prezident seçilmək ehtimalını istisna etmədiyini bildirib.