BAKI, 7 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkədə "doğum turizmi" adlandırılan təcrübəni qadağan edən fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ ev aparat rəhbərinin müavini Stiven Miller sənədin imzalanması zamanı məlumat verib.
Onun sözlərinə görə, fərman doğum hüququ əsasında ABŞ vətəndaşlığı əldə edə bilməyəcək şəxslərin siyahısını genişləndirir.
Miller bildirib ki, bu kateqoriyaya ABŞ-yə düşmən hesab edilən xarici vətəndaşlar, xarici terror təşkilatlarının üzvləri, eləcə də xarici hökumətlərin maraqlarını təmsil edən və onların adından fəaliyyət göstərən şəxslər daxildir.
O qeyd edib ki, yeni qərar doğum hüququ əsasında vətəndaşlıq almaq imkanından istifadə edə biləcək şəxslərin sayını əhəmiyyətli dərəcədə azaldacaq.
Miller əlavə edib ki, fərmanla ABŞ tarixində ilk dəfə olaraq "doğum turizmi" rəsmi şəkildə qadağan edilir. Bu təcrübə xarici vətəndaşların övladlarının ABŞ vətəndaşlığı alması məqsədilə ölkəyə gələrək doğuş etməsini nəzərdə tutur.