BAKI, 7 avqust. TELEQRAF
"ChatGPT" çat-botunun yaradıcısı olan "OpenAI" 2027-ci ildə hokkey şaibası ölçüsündə ağıllı səs kolonkasını bazara çıxarmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yeni cihazın qiyməti 300 dollardan yuxarı olacaq. Ev üçün nəzərdə tutulan ağıllı kolonka istifadəçilərə gündəlik işlərin yerinə yetirilməsində kömək etmək məqsədi daşıyacaq.
Bildirilir ki, cihaz displeysiz olacaq və halqa formasında hazırlanacaq. Onun ölçüsü hokkey şaibasına yaxın olacaq ki, bu da istifadəçilərə cihazı ev daxilində bir əllə rahat daşımağa imkan verəcək.
Mənbələrin sözlərinə görə, ağıllı kolonka hərəkətli elementlər və işıq indikatorları ilə təchiz ediləcək. Bu funksiyalar vasitəsilə cihaz istifadəçiyə onu dinlədiyini göstərəcək və ünsiyyətin daha təbii hiss olunmasına şərait yaradacaq.