BAKI, 7 avqust. TELEQRAF
ABŞ administrasiyası polikristal silisiumun və ondan hazırlanan məhsulların idxalına 15 faiz həcmində gömrük rüsumu tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanda bildirilib.
Sənədə əsasən, rüsum mikroçiplərin və günəş panellərinin istehsalında istifadə olunan polikristal silisiumun emalı nəticəsində hazırlanan məhsullara şamil ediləcək. Məqsəd bu sahədə istehsalın ABŞ ərazisinə köçürülməsini təşviq etməkdir.
Fərmana əsasən, polikristal silisium üçün minimum idxal qiyməti hər kiloqram üzrə 21 dollar, bu materialdan hazırlanan məhsullar üçün isə hər kiloqram üzrə 100 dollar müəyyən edilib.
Sənəddə qeyd olunur ki, yeni məhdudiyyətlər fərmanın imzalanmasından 120 gün sonra qüvvəyə minəcək.
ABŞ-nin ticarət naziri Hovard Latnik jurnalistlərə açıqlamasında bildirib ki, minimum idxal qiymətinin müəyyən edilməsində əsas məqsədlərdən biri Çinin dempinq siyasətinin qarşısını almaqdır.
Onun sözlərinə görə, tətbiq olunan gömrük rüsumu ölkə daxilində istehsalın artırılmasına xidmət edəcək.