BAKI, 7 avqust. TELEQRAF

Yəməndəki "Ənsar Allah" (husi) hərəkatı və İraq silahlı qruplaşmaları İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) koordinasiyası ilə Səudiyyə Ərəbistanına hücumlar hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı rəsmi Səudiyyə mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, husilər, İraq silahlı qruplaşmaları və SEPAH arasında krallığa qarşı hücumların hazırlanmasına dair koordinasiyanı təsdiqləyən etibarlı kəşfiyyat məlumatları mövcuddur.

Bildirilib ki, bu məlumatlar Ər-Riyadın gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirdiyi, danışıqların isə müsbət məcrada inkişaf etdiyi bir vaxta təsadüf edir.

Mənbə vurğulayıb ki, Səudiyyə Ərəbistanı ölkəyə qarşı istənilən hücumun qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcək.

Xatırladaq ki, iyulun 20-də husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini açıqlamış və daha sonra krallığa məxsus bir neçə neft tankerinə hücum etmişdilər. Gərginliyin artmasından sonra iyulun 30-da Səudiyyə Ərəbistanı və bir sıra digər dövlətlər Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə yeni dəniz koalisiyasının yaradıldığını elan etmişdi.

Bundan əlavə, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi iyulun sonunda İraq ərazisindən buraxıldığı bildirilən və krallığın neft obyektlərini hədəf alan bir neçə pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlamışdı. Ər-Riyad həmin hücumlara görə İranın dəstəklədiyi silahlı qruplaşmaları məsuliyyət daşımaqda ittiham edib.