BAKI, 7 avqust. TELEQRAF
Hindistanın Carkhand ştatında son sutka ərzində ildırım vurması nəticəsində azı 20 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə "Prasar Bharati" teleradio korporasiyası məlumat yayıb.
Məlumata görə, ən çox ölüm halı Giridih dairəsində qeydə alınıb. Burada ildırım vurması nəticəsində 11 nəfər ölüb.
Bildirilir ki, əlverişsiz hava şəraiti ştatın daha bir neçə rayonunda ciddi fəsadlara səbəb olub. Hindistan Meteorologiya Departamenti qarşıdakı üç gün üçün narıncı təhlükə səviyyəsi elan edib.
Prasar Bharati qeyd edir ki, son sutkada Carkhandda musson yağışları güclənib, leysan və güclü göy gurultusu müşahidə olunub.
Xatırladaq ki, avqustun 5-də polis ştatda ildırım vurması nəticəsində 13 nəfərin öldüyünü açıqlamışdı.