BAKI, 5 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın belə bir razılaşmanın mümkünlüyü ilə bağlı şübhələrinə baxmayaraq, Vaşinqtonda “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsal lisenziyasının Ukraynaya verilməsi ilə bağlı müzakirələr davam edir.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.
Mənbələrin sözlərinə görə, müzakirə olunan variantlardan biri bəzi “Patriot” komponentlərinin Ukraynada istehsal edilməsini, daha sonra isə onların yığılması üçün Avropaya göndərilməsini nəzərdə tutur.
Donald Tramp iyun ayında Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Kiyevə “Patriot” istehsalı üçün lisenziya verilməsi planlarından danışıb. Amma ötən həftə Ağ evdə Zelenski ilə keçirdiyi görüşdən sonra ABŞ Prezidentinin bu məsələyə münasibətini dəyişdiyi bildirilir.
Tramp jurnalistlərə açıqlamasında ABŞ-nin silah istehsalı lisenziyalarının verilməsi məsələsində çox ehtiyatlı davranmalı olduğunu iddia edib.
“Reuters”in məlumatına görə, təşəbbüslə bağlı narahatlıqlar ABŞ müdafiə sənayesi nümayəndələri və hərbçilər tərəfindən də səsləndirilib. Buna baxmayaraq, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker razılaşmanın əldə olunmasını dəstəkləyir. O, ötən ay mümkün sazişin detallarını müzakirə etmək üçün Kiyevə səfər edib.