BAKI, 5 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Los-Anceles dairəsində yerləşən qolf klubuna səfəri ərəfəsində ərazidə silahlı şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Kaliforniya ştatının Los-Anceles dairəsi Şerif Ofisi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 2-də baş versə də, ictimaiyyətə yalnız avqustun 5-də açıqlanıb. Mülki geyimli federal agentlər Trump National Golf Club ərazisində şübhəli davranışlar sərgiləyən şəxs barədə polisə məlumat veriblər.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs Dauni şəhər sakini, 38 yaşlı Canin Con Teyldir. O, quldurluq işi üzrə istintaq altında olub.

Polis onun avtomobilində doldurulmuş tapança və patron darağı aşkarlayıb. Evində aparılan axtarış zamanı isə modifikasiya edilmiş hücum tüfəngi, iki ratsiya, gülləkeçirməz jilet və narahatlıq doğuran qeydlərin olduğu bir neçə dəftər tapılıb.

Şübhəli şəxsə gizli şəkildə silah gəzdirmə və qadağan olunmuş zirehdələn sursat saxlama maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Donald Tramp Respublikaçılar Partiyasının ianə toplama tədbirində iştirak etmək üçün Vaşinqtondan Los-Ancelesə yollanıb.

ABŞ Prezidenti indiyədək üç dəfə sui-qəsd cəhdinin hədəfi olub. İlk iki hadisə 2024-cü ildə seçki kampaniyası zamanı baş verib. Üçüncü sui-qəsd cəhdi isə 2026-cı il aprelin 25-də Vaşinqtondakı Washington Hilton hotelində təşkil olunan tədbir zamanı qeydə alınıb.