BAKI, 7 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin sursat ehtiyatlarının tükənməsi ilə bağlı mediada yayılan məlumatlardan ciddi narahatdır.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, son həftələrdə mediaya sızan məlumatlar və ABŞ-nin sursat ehtiyatlarının azalması ilə bağlı xəbərlər Trampın narazılığına səbəb olub. Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti hesab edir ki, bu cür məlumatlar Tehrana əlavə üstünlük verə və Vaşinqtonun mövqeyini zəiflədə bilər.
Bildirilir ki, Tramp İranı nüvə proqramından imtina etməyə və hərbi əməliyyatların dayandırılmasına məcbur etmək üçün təsirli vasitələrin az olduğunu düşündüyündən narahatlığı daha da artır.
Qəzetin məlumatına görə, Tramp məxfi məlumatların mediaya sızdırılması ilə bağlı yeni daxili araşdırmanın başlanmasını tapşırıb.
Ağ evin mətbuat katibi Kerolayn Livitt WSJ-yə bildirib ki, məxfi hərbi məlumatlara çıxışı olan və onları mediaya ötürən şəxslər etimadı doğrultmur, federal qanunvericiliyi pozurlar və məsuliyyətə cəlb edilməlidirlər.
Qeyd edək ki, bundan əvvəl "The Washington Post" Trampın İranla bağlı hərbi əməliyyatlar fonunda silah ehtiyatlarının azalması məsələsinə görə Pentaqon rəhbəri Pit Heqsetdən izahat tələb etdiyini yazmışdı. ABŞ Prezidenti isə həmin məlumatları təkzib edib.