BAKI, 7 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Silahlı Qüvvələrinin silah ehtiyatlarının artırılmasına ehtiyac olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O, administrasiyanın Konqresdən əlavə 87,6 milyard dollar maliyyə ayrılması tələbinə münasibət bildirərkən deyib ki, bu vəsaitin 21 milyard dolları Pentaqonun sursat alışına və ölkənin müdafiə sənayesi bazasının gücləndirilməsinə yönəldiləcək.
"Bizə hər zaman daha çox silah lazımdır. Çox güclü silahlarımız var və onların ehtiyatı demək olar ki, tükənməzdir. Elə silahlar da var ki, onların sayı nisbətən azdır, amma biz onları hər gün istehsal edirik", – deyə Tramp bildirib.
ABŞ Prezidenti vurğulayıb ki, ölkənin böyük silah arsenalı mövcuddur, lakin bununla belə ehtiyatların daha da artırılması məqsədəuyğundur.
Qeyd edək ki, daha əvvəl The Washington Post qəzeti Trampın İranla qarşıdurma fonunda silah çatışmazlığı ilə bağlı Pentaqon rəhbəri Pit Heqsetdən izahat tələb etdiyini yazmışdı. ABŞ Prezidenti sonradan bu məlumatları təkzib edib.