BAKI, 7 avqust. TELEQRAF

Afrika Futbol Konfederasiyası (CAF) Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya dəstəyini ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə CAF prezidenti Patris Motsepe təşkilatın mətbuat xidmətinə açıqlamasında bildirib.

Motsepe qeyd edib ki, CAF Canni İnfantino və FİFA-nın baş katibi Mattias Qrafströmün birgə bəyanatını dəstəkləyir. Onun sözlərinə görə, təşkilat bundan sonra da Afrika futbolunun inkişafına, eləcə də idarəetmə, qanunun aliliyi və şəffaflıq prinsiplərinə sadiq qalacaq.

"Biz FİFA, üzv assosiasiyalar, digər futbol konfederasiyaları və maraqlı tərəflərlə birlikdə idarəetmə, hüquqi prosedurlar və şəffaflıq sahəsində ən yaxşı beynəlxalq təcrübələrin tətbiqi, həmçinin dünya futbolunun inkişafı istiqamətində əməkdaşlığı davam etdirəcəyik", – deyə Motsepe vurğulayıb.

Bəyanatda bildirilir ki, CAF İcraiyyə Komitəsi yekdilliklə Canni İnfantinoya dəstəyini ifadə edib. Həmçinin İnfantinoya, Mattias Qrafströmə və FİFA rəhbərliyinə 2026-cı il dünya çempionatının təşkilinə verdikləri töhfəyə görə təşəkkür edilib.

Qeyd edək ki, Canni İnfantino FİFA-nın əsas kişi və qadın turnirlərinin idarəçiliyini öz üzərinə götürəcək FIFA Forward Enterprise şirkətinin yaradılmasını təklif etmişdi. Onun fikrincə, bu layihə FİFA-ya üzv assosiasiyaların gəlirlərini artırmalı və dünya futbolunun inkişafına töhfə verməli idi. Lakin təşəbbüs futbol ictimaiyyəti tərəfindən ciddi tənqid olunduqdan sonra İnfantino layihədən imtina edib.

Bundan sonra Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) FİFA rəhbərliyini tənqid edərək İnfantinoya etimadın sarsıldığını bəyan ediblər.