BAKI, 7 avqust. TELEQRAF

Pakistanda iyunun 26-dan bəri davam edən leysan yağışları və onların yaratdığı fəsadlar nəticəsində azı 151 nəfər ölüb, 448 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən ən çox ölkənin şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyaləti zərər çəkib. Burada musson yağışları nəticəsində 64 nəfər həyatını itirib. Şərqdə yerləşən Pəncab əyalətində isə 53 ölüm faktı qeydə alınıb.

Leysanlar nəticəsində təxminən 1 300 bina zədələnib, onlardan 400-dən çoxu tamamilə dağılıb. Sel suları ümumilikdə 27 kilometr uzunluğunda yolu yararsız vəziyyətə salıb, 37 körpü dağılıb.

Bildirilir ki, iyunun sonundan bəri ölkədə 207 xilasetmə əməliyyatı həyata keçirilib və bu əməliyyatlar zamanı 4 mindən çox insan təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyundan sentyabra qədər davam edir. Bu dövrdə yağan intensiv yağışlar kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşısa da, tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olur.