BAKI, 7 avqust. TELEQRAF

Mərakeş hakimiyyəti İspaniyanın muxtar şəhəri Seutada müşayiətsiz qalan azyaşlı miqrantların müəyyən edilərək vətənə qaytarılması istiqamətində iş aparır.

Teleqraf xəbər verir ki, bu barədə "Hespress" portalı yüksəkvəzifəli mərakeşli diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mərakeş Daxili İşlər və Xarici İşlər nazirliklərinə verilən kral göstərişlərinə uyğun olaraq müşayiətsiz azyaşlıların müəyyənləşdirilməsi və onların mümkün qədər tez repatriasiyası üçün tədbirlər görür.

Bildirilib ki, Rabat bu prosesin həyata keçirilməsi məqsədilə İspaniya və Avropa tərəfdaşları ilə koordinasiyalı işləməyə hazırdır.

Diplomatik mənbə qeyd edib ki, miqrasiya məsələsi hər dəfə gündəmə gələndə Mərakeş əsassız olaraq müşayiətsiz azyaşlıların geri qəbulunda əməkdaşlıq etməməkdə ittiham olunur. Onun sözlərinə görə, bəzi siyasətçilər bu mövzudan seçki məqsədləri üçün istifadə edirlər və bu iddialar reallığı əks etdirmir.

Mənbə vurğulayıb ki, Mərakeş üzərinə düşən öhdəlikləri yerinə yetirir, lakin repatriasiya prosesinə əsas maneələr tərəfdaş ölkələrin qanunvericiliyi, eləcə də inzibati və məhkəmə prosedurları ilə bağlıdır. O, həmin maneələrin aradan qaldırılmasının repatriasiya prosesini sürətləndirəcəyini bildirib.

Xatırladaq ki, iyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək və ya Mərakeşlə Seutanı ayıran dalğaqıranın ətrafından keçərək şəhərə daxil olmuşdu. İspaniya tərəfinin məlumatına görə, son günlər Seutaya keçənlərin sayı 50-60 min nəfər arasında olub. Mərakeş Daxili İşlər Nazirliyi isə sərhədi qanunsuz keçməyə cəhd edənlərin sayının Seuta istiqamətində təxminən 40 min, Melilya istiqamətində isə 1 135 nəfər olduğunu açıqlayıb. Məlumatlara görə, böhranın pik dövründə Seutaya çatanlar arasında müşayiətsiz bir neçə min azyaşlı da olub. Rəsmi məlumatlara əsasən, sərhədi keçmək istəyərkən azı 11 nəfər həlak olub. İspaniya hökuməti isə ölənlərin sayının ən azı 72 nəfər olduğunu bildirir.