BAKI, 23 fevral. TELEQRAF
ABŞ Ali Məhkəməsinin ölkənin idxal rüsumları siyasəti ilə bağlı qərarı Vaşinqton administrasiyası ilə digər dövlətlərin hakimiyyət orqanları arasında əvvəllər əldə olunmuş ticarət razılaşmalarının ləğvinə gətirib çıxarmayıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir CBS telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, indiyədək heç kim ona hər hansı razılaşmanın ləğv edildiyini deməyib.
“Belə bir söz eşitməmişəm ki, hansısa saziş ləğv olunub. Onlar vəziyyətin necə inkişaf edəcəyini anlamaq istəyirlər. Mən bu məsələ ilə bağlı onlarla məsləhətləşmələr aparıram”, - deyə Qrir qeyd edib.
Xatırladaq ki, cümə günü ABŞ Ali Məhkəməsi Amerika administrasiyasının digər ölkələrə qarşı beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanuna (IEEPA) istinad edərək idxal rüsumları tətbiq etməsini səlahiyyət həddinin aşılması kimi qiymətləndirib. Bununla belə, ali məhkəmə instansiyası ABŞ-nin əvvəllər rüsum kimi ödənilmiş vəsaitləri geri qaytarıb-qaytarmamalı olduğunu dəqiqləşdirməyib.
Şənbə günü isə Vaşinqton administrasiyası ABŞ-yə idxala tətbiq edilən qlobal rüsumların 10 faizdən 15 faizə qaldırıldığını elan edib.