BAKI, 22 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 Liderlər Zirvəsindəki çıxışında qlobal yoxsulluqla mübarizə və inkişaf yardımları mövzusuna toxunub.
Teleqraf xəbər verir ki, o, dünya üzrə hər 10 nəfərdən birinin hələ də ekstremal yoxsulluqla mübarizə apardığını vurğuladı.
Qlobal inkişaf yardımlarında müşahidə olunan azalma tendensiyasına diqqət çəkən Prezident Ərdoğan belə deyib:
“2024-cü ildə 9% azalan ümumi qlobal inkişaf yardımlarının 2025-ci ildə 17%-ə qədər düşməsi gözlənilir. Bu vəziyyət, təəssüf ki, Afrika qitəsi üçün çox böyük itkilərə işarə edir”.
Türkiyənin “qonşusu ac ikən tox yatmayan” bir mədəni anlayışı təmsil etdiyini bildirən Ərdoğan bütün çətin şərtlərə baxmayaraq üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə davam etdiklərini söyləyib.
Mövcud qlobal iqtisadi mənzərənin yalnız az inkişaf etmiş ölkələri deyil, bütün dünyaya təsir etdiyini bildirən Türkiyə lideri əlavə edib ki, qlobal maliyyə böhranı öncəsi ticarət qlobal artımın ən güclü mühərriki idi, amma böhrandan sonrakı dövrdə bu vəziyyət köklü şəkildə dəyişib.
“1987-2007-ci illər dövründə dünya ticarəti hər il orta hesabla 7% artdığı halda, 2008-2023-cü illər dövründə bu göstərici 3%-dək azalıb və qlobal artıma töhfəsi nəzərəçarpacaq dərəcədə zəifləyib. Bu gün qlobal ticarətin yenidən canlanması üçün daha dərin beynəlxalq əməkdaşlıq, yeni siyasət alətləri və dayanıqlı təchizat zəncirlərinə ehtiyac var”, - o əlavə edib.