BAKI, 11 sentyabr. TELEQRAF

Türkiyə əleyhinə açıqlamaları ilə gündəmdə olan Uqanda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Prezident Yoveri Museveninin oğlu Muxuzi Kayneruqaba ölkədəki türklərdən dərhal ölkəsini tərk etmələrini tələb edib.

Teleqraf xəbər verir ki, bundan əvvəl o, sentyabrın 18-də Türkiyə səfirliyinin qarşısında böyük etiraz aksiyası keçirəcəklərini və onlara qarşı çıxan hər kəsi “türk agenti” kimi həbs edəcəklərini bildirib.

Sosial mediada Türkiyəyə qarşı nifrət məzmunlu paylaşımları ilə etirazlara səbəb olan Kayneruqaba bu dəfə ölkəsindəki türklərin bir an əvvəl Uqandanı tərk etməli olduqları barədə xəbərdarlıq edib: “Uqandadakı türklərlə bağlı hər şeylə əlaqəmi çoxdan kəsmişəm. Dərhal çamadanlarını yığıb ölkəmizdən çıxmalıdırlar”.

Uqanda liderinin oğlunun ötən günlərdə verdiyi açıqlama isə belədir:

“Sentyabrın 18-də Türkiyə səfirliyinin qarşısında toplaşıb izdihamlı bir aksiya keçirəcəyik. Aksiyaya cavabdeh qurumlar yaxşı iş görməlidirlər. Əmrlərim çox aydındır. Buna qarşı çıxan bütün türk agentlərini həbs edəcəyik.

Uqandadakı türklərlə əlaqəmi çoxdan kəsmişəm. Bir an əvvəl çamadanlarını yığıb ölkəmizdən çıxmalıdırlar.”

Türkiyə ilə İsrail arasında yaşanan gərginlikdə ikincinin tərəfini tutan Baş Qərargah rəisi məsələ ilə əlaqədar atası Yoveri Museveni ilə də görüşmüşdü. Bundan əvvəl o, Türkiyənin ölkəsindəki layihələrini ləğv etdirəcəyini bildirmiş və iyun ayında Türkiyənin “Yapı Merkezi” şirkətinin Uqandada qazandığı 3,2 milyard dollar dəyərindəki dəmir yolu tenderinin ləğv edilməsinə səbəb olmuşdu.

Muxuzi Kayneruqaba apreldə verdiyi açıqlamada Türkiyənin digər bölgə ölkələrindəki hərbi fəaliyyətlərini tənqid etmiş, baş verənlərə görə Ankaranın Uqandaya 1 milyard dollar ödəməli olduğunu, həmçinin Türkiyədəki ən gözəl qadının da ona həyat yoldaşı kimi verilməsinin şərt olduğunu demişdi.

Xatırladaq ki, Uqanda Baş Qərargah rəisi 2022-ci ildə İtaliya Baş naziri Corciya Meloniyə 100 inək təklif edərək, onunla evlənməsini istəmişdi. Ardınca sosial mediadakı digər paylaşımında təhdidkar dillə Romanın inəkləri qəbul etməməsi halında İtaliyanın paytaxtını bir neçə gün ərzində ələ keçirəcəyi ilə hədələmişdi.