BAKI, 27 oktyabr. TELEQRAF

Niger hökuməti Çadı Fransanın dəstəyi ilə Aqadez bölgəsinə dronlarla zərbə endirməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Hadisə nəticəsində iki mülki şəxs həlak olub, bir neçə nəfər isə yaralanıb.

Niger hökuməti bildirib ki, ölkənin Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin apardığı araşdırma hadisənin təfərrüatlarını müəyyən etməyə imkan verib. Qeyd edilib ki, Çad artıq bir neçə aydır Nigerə qarşı düşmənçilik siyasəti yürüdür, mülki əhaliyə, eləcə də ölkənin strateji infrastruktur və enerji obyektlərinə hücumlar həyata keçirən muzdlulara sığınacaq verir.

Niger hakimiyyəti Çadın Niameydəki səfirini izahat vermək üçün çağırmaq, həmçinin BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini və beynəlxalq araşdırmanın aparılmasını tələb etmək niyyətində olduğunu bəyan edib.