BAKI, 20 avqust. TELEQRAF
İranla müharibə Afrikanın sahilləri yaxınlığında ticarət gəmilərinə hücumlarını yenidən artıran Somali dəniz quldurlarının fəaliyyətinə yeni təkan verib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.
Son vaxtlar quldurlar ən azı üç neft və gübrə tankerini ələ keçiriblər. Bunlar Hörmüz boğazında yaranan fasilələr səbəbindən qiymətləri artan məhsullardır. İyul ayında Yəmən sahilləri yaxınlığında kimyəvi maddələr daşıyan gəmi də ələ keçirilib. Tutulan tankerlər Somali sahilləri yaxınlığında saxlanılır, ekipajın onlarla üzvü girov götürülüb.
“Obsidian Risk Advisors” konsaltinq şirkətinin direktoru Brett Erikson bildirib ki, ələ keçirilən gəmilərin sayı hələlik azdır. Ancaq regiondakı digər təhdidlərin fonunda quldurların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir: “Hazırda onların hər bir fəaliyyəti kifayət qədər böyük əhəmiyyət daşıyır”.
ABŞ isə quldurluqla İran müharibəsi arasında əlaqə olduğunu təkzib edib. Ağ Ev Administrasiyanın nümayəndəsi deyib: “ABŞ regionda ən mühüm dəniz nəqliyyatı marşrutlarını qorumaq üçün tam təchiz olunmuş güclü və yüksək effektiv dəniz təhlükəsizliyi qüvvələrini dəstəkləyir”.