BAKI, 21 avqust. TELEQRAF
Mərakeş İnsan Hüquqları Assosiasiyası İspaniyanın Afrikanın şimalındakı muxtar Seuta şəhərinə kütləvi şəkildə daxil olmağa cəhd zamanı həlak olmuş miqrantların dəfn edilməsi prosesinin dərhal dayandırılmasını tələb edir.
Teleqraf xəbər verir ki, assosiasiya Mərakeş hökumətinə müraciət edərək, gecikmədən müdaxilə etməyi, Seutada həlak olmuş miqrantların dəfninin dayandırılmasını, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsini və cəsədlərin Mərakeşə qaytarılaraq layiqli şəkildə dəfn olunmasını istəyib.
Mərakeş hüquq müdafiəçilərinin fikrincə, şəxsiyyətin müəyyənləşdirilməsi prosesi başa çatmadan cəsədlərin dəfn edilməsi və ailələrə onları götürmək imkanının verilməməsi insan ləyaqətinin alçaldılması və yaxınlarının öz doğmalarının taleyini bilmək hüququnun pozulmasıdır.
Avqustun 18-də Seuta rəhbərliyi 83 həlak olmuş qeyri-qanuni miqrantın dəfninə başlayıb. Məlumata görə, tibbi ekspertlər və kriminalistlər Mərakeş tərəfdən ailələrin iştirakı ilə barmaq izlərinin götürülməsi və DNT analizləri aparılmasına baxmayaraq, yalnız məhdud sayda qurbanın şəxsiyyətini müəyyənləşdirə biliblər.
Mərakeşlilərin müsəlman, digər Afrika ölkələrindən olan miqrantların isə katolik qəbiristanlığında dəfn edilməsi planlaşdırılıb.
“Lakome” yazıb ki, şəxsiyyəti müəyyənləşdirilməyən cəsədlərlə bağlı suallar yaranıb. Bəzi hallarda itkin düşmüş mərakeşlilərin cəsədlərini digər Afrika ölkələrindən olan miqrantların cəsədlərindən ayırmaq üçün əsas meyar kimi dərinin rəngindən istifadə edildiyi bildirilir.
Seuta rəhbərliyi iyulun sonu -avqustun əvvəlində şəhərə kütləvi qanunsuz keçid cəhdi zamanı həlak olanlardan hər gün 8-9 nəfəri dəfn etməyi planlaşdırıb. Digər yandan, Seutadakı miqrasiya böhranı zamanı ölənlərin sayı ilə bağlı rəqəmlər fərqlənir. Bunun səbəbi rəsmi məlumatlarla hüquq müdafiə təşkilatlarının və yerli mənbələrin hesablamaları arasındakı ciddi fərqdir.
Mərakeş tərəfi rəsmi olaraq 11 nəfərin öldüyünü açıqlayıb. Qeyri-hökumət təşkilatları isə ən azı 141 miqrantın həlak olduğunu iddia edirlər.