Dörd ildən bir dünya çempionatı olur, imkan vermirlər onu rahat-rahat izləyək.
Oyunların bizim vaxtla gecənin bir aləmi olacağını başdan bilirdik. "Könlü balıq istəyənin quyruğu suda gərək" deyimini əsas tutub bu qərara gəldik ki, a kişi, cəhənnəm, futbol azarkeşiyiksə, canımıza cəfa verib yuxusuz da qalacağıq, səhərə kimi yatmayıb oyunları da izləyəcəyik. Hələ üstəlik səhər də bu sərsəmliklə durub işimizin-gücümüzün arxasınca gedəcəyik.
Ancaq iş bununla bitsəydi, nə vardı ki? Gecənin bir yarısı şirin yuxumuzdan keçib futbol izləməyimiz bir yana, bu oyunları bizim azərbaycanlı şərhçilərin təqdimatında izləmək ikiqat əziyyətdir.
Onsuz da sönük keçən, bir-iki oyunu çıxmaq şərtilə gözlənilən effekti verməyən mundiala bir də Azərbaycan telekanallarında baxmaq adamın lap futbola olan həvəsini öldürür.
Təsəvvür eləyin ki, hansısa qrupun hansısa oyununu şərh edir bizi qoçaqlar. Nə bir doğru-dürüst məlumat var, nə komandaların taktiki planı haqqında informasiya verirlər, nə də tamaşaçını cəlb edəcək fikir söyləyirlər. Elə 90 dəqiqə ərzində təqdim elədikləri budur, filankəs topu aldı, bəhmənkəsə ötürdü, o aldı buna verdi, bu aldı ona verdi.
O filankəsi, bəhmənkəsi onsuz da futbol azarkeşi olan adamların çoxu tanıyır, hər dəfə adlarını çəkməyə ehtiyac yoxdur. Meydanda oyunçuların düzülüşü barədə, kimin hansı işi görəcəyi barədə danışmaq daha doğru olmazmı?
Bəzən şərhçilər iki nəfər olur. Və birdən elə bir məqam gəlir ki, artıq oyun unudulub, iki şərhçi şirin-şirin bir-biriləri ilə söhbətləşir.
Əsl futbol azarkeşinin rəğbətini qazanmaq, oyunu ona maraqlı gələcək şəkildə təqdim eləmək üçün şərhçidə futbol biliyi, taktiki gedişlər haqqında məlumat olmalıdır. Və tamaşaçıya bilmədiyi yeni nəsə deməlisən ki, diqqətini cəlb eləyə biləsən.
Hələ bərbad şərhçilik bir tərəfə, dostumuz İsmayıl Abdullayevin hazırlayıb, aparıcılığını da özü elədiyi bir veriliş var "İdman Azərbaycan" kanalında. Adı da belədir: "Futbol da bir dünyadır". Verilişin adı ilə işim yoxdur, yeni olmasa da, maraqlı addır. Bu arada bir haşiyə çıxım: "Futbol da bir dünyadır, ancaq bu dünyada Azərbaycan adlı bir ölkə, nə yazıq ki, hələ də yoxdur."
Hə, harda qalmışdıq, verilişi deyirdim. İsmayıl özü də pis aparıcı deyil, azca İtaliya və "Yuventus" fanatlığı olsa da, 1-2 nəfər normal şərhçidən biri hesab eləmək olar onu.
Ancaq o verilişi var ee, gecə saatlarında oyunlardan qabaq efirə çıxır, o lap komediyadır vallah. Bir neçə dəfə təsadüfən izləmişəm o proqramı.
Birində qonaq Azərbaycan Premyer liqasının hakimi Əliyar Ağayev idi. Zəruri qeyd eləyim ki, hazırda karyerasını davam elətdirən hakimlərin oyun şərh eləməsi və hakimlərin işinə qiymət verməsi FİFA tərəfindən qadağan olunub. Bunu keçdik. Təsəvvür eləyin ki, "Biləcəridən o tərəfə" yeni-yeni adlamağa çalışan, Avropada bir-iki aşağı səviyyəli oyun idarə eləmiş Əliyar dünya çempionatının final mərhələsində oyun idarə eləyən hakimi tənqid eləyir.
Bir dəfə də qonaq kimi Amit Quluzadə dəvət olunmuşdu. Türkiyədə PTT 1-ci liqada möhkəmlənə bilməyib geri qayıdan, "Qəbələ" ilə müqavilə bağlayan, orda da heyətə düşməkdə çətinlik çəkən və komandadan ayrılan, hazırda isə klubsuz olan Quluzadə əlini çənəsinə dayayıb filosofanə görkəm alır və ağır-ağır dillənir ki, məsələn, Neymar filan epizodda səhv elədi, gərək ötürmə verəydi.
Di gerisini siz düşünün. Məncə, gülməlidir.